Böyük Britaniya səfiri Laçınla qonşu şəhərə gəldi və... - FOTO

11:50 20.04.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniyanın Ermənistandakı səfiri Con Qalleger tarixi Zəngəzur ərazisində yerləşən və Azərbaycan Respublikasının Laçın rayonu ilə qonşu olan Gorus şəhərinə gəlib.  Şəhərin meri Aruş Aruşanyanla görüşdə o, şəhərin inkişaf planlarını və yerli hakimiyyət orqanlarının yerlərdə icmaların ehtiyaclarına necə cavab verdiyini müzakirə edib.

Hafta. az xəbər verir ki, “Armtimes” nəşrinin, səfirliyə istinadla yaydığı məlumata görə, görüşdə yerli rəhbərliyin rolu və vətəndaş fəallığının əhəmiyyəti də müzakirə olunub.

“Gorusun meri Aruş Aruşanyan ilə yenidən görüşməkdən məmnun oldum:

“Gorus Sünik vilayətinin mühüm mərkəzlərindən biridir və onun merinin planlarını dinləmək və əməkdaşlıq imkanlarını müzakirə etmək faydalı oldu”, – deyə səfir Qalleger qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Böyük Britaniyanın Ermənistandakı səfiri Con Qallegerin Sünik vilayətinə (Zəngəzur – S.L.) səfəri barədə “X” platformasındakı paylaşımı da mediada yayılmışdı.

Paylaşımda belə deyilir:

“Vilayətin qubernatoru Robert Qukasyanla yenidən görüşmək çox xoş idi. Biz Sünik bölgəsində inkişafın gedişatı və qubernatorun gələcəyə baxışını müzakirə etdik. Sülh və təhlükəsizlik bu dinamik regionun potensialını reallaşdırmaq üçün açardır və mən Böyük Britaniyanın davamlı dəstəyini bir daha diqqətə çatdırdım. Ümid edirəm ki, region davamlı sülh və sabitliyin yeni mərhələsinə qədəm qoyacaq”.

Alleqator.az-ın yazdığına görə isə, “bir sıra Ermənistan KİV-i Qalleqerin mövcud proseslər fonunda səfərini Zəngəzur dəhlizinin açılmasının anonsu kimi dəyərləndirirlər. Son olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanın dəhlizlə bağlı açıqlamalarından sonra Qalleqerin bölgəyə gəlməsi müxalif erməni siyasi dairələrində narahatlıq doğurub. Uzun illərdir Azərbaycanla müxtəlif sahələr üzrə dərin əməkdaşlıq əlaqələri olan Böyük Britaniyanın dəhlizin fəaliyyətində rol oynaya biləcəyi iddia edilir”.